Fransada daşqınlarda 1 nəfər ölüb, 1 nəfər itkin düşüb –
Fransanın cənub-şərqindəki Var bölgəsində yağan güclü yağış daşqınlara səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, La Mole çayında suyun səviyyəsi cəmi iki saat ərzində 11 metr qalxıb.
Güclü yağışdan sonra daşqınlar nəticəsində yaşayış məntəqələri su altında qalıb.
Daşqınlar nəticəsində 1 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Fransanın Meteo-Fransa meteoroloji xidməti tərəfindən səhər saatlarında "narıncı" xəbərdarlıq edildiyi bölgədə bir çox yaşayış məntəqəsi və La Mole-Saint-Tropez hava limanı su altında qalıb.
Daşqınlardan ən çox zərər çəkmiş ərazilər Le Lavandu, Bormes-les-Mimoza və Kavalyer olub.
Le Lavandu şəhərinin meri Gil Bernardi, "Hazırda Kavalyerin dünya ilə əlaqəsi kəsilib. Sahil yolundakı avtomobil dayanacağı dağılıb və körpülərə ciddi ziyan dəyib. Hazırda sahil yolundan Sen-Tropesə getmək mümkün deyil", – deyə bildirib.
Bormes-les-Mimosas bələdiyyəsindən verilən açıqlamada RD98 avtomobil yolunun böyük bir hissəsinin su altında qaldığı və nəqliyyata bağlandığı açıqlanıb.
İctimaiyyətə panikaya düşməmələri barədə xəbərdarlıq edilən açıqlamada "Bütün uşaqlarımız sağ-salamat təhsil müəssisələrindədirlər. Böhran mərkəzimiz aktivdir və müdaxilələr davam edir", – deyə bildirilib.
Lavandou və Cavaliere arasındakı RD559 sahil yolu da daşqın səbəbindən nəqliyyat üçün bağlanıb.
Bəzi ərazilərdə elektrik enerjisi kəsilib, bəzi marketlər ehtiyat tədbiri olaraq müvəqqəti olaraq qapılarını bağlayıb.
Var Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada, 100-ə yaxın personal və çoxlu maşınla daşqın və su basmalarına qarşı işlərin davam etdiyi qeyd olunub: "Vətəndaşlarımızdan xahişimiz budur ki, dərə yatağına qətiyyən yaxınlaşmasınlar və lazım olmadıqca çölə çıxmasınlar".
Yağışların gün ərzində şərq istiqamətində Alp-Dəniz bölgəsinə doğru irəliləcəyi gözlənilir.
Kann və Nitsa bələdiyyələri ehtiyat tədbiri olaraq bütün park və bağları müvəqqəti olaraq ictimaiyyətə bağlayıb.
Səlahiyyətlilər yağışın gün boyu davam edə biləcəyi və axar su yataqlarında yeni daşqın risklərinin ola biləcəyi barədə xəbərdarlıq edib: Vətəndaşlardan olduqları yeri tərk etməmək xahiş olunub.
Şəbnəm Mehdizadə

