"Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" telefon tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyası əlavə olunub.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində martın 19-dan istifadəyə verilən vəkil etibarnamələrinin mobil cihazlar vasitəsilə elektron qaydada verilməsi imkanından vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləyərək qeydiyyatdan keçdikdən sonra, habelə hazırkı istifadəçilər proqramı yeniləməklə yararlana bilərlər.
Qeydiyyat prosedurunun sadələşdirilməsi məqsədilə yaxın vaxtda “ASAN login” qeydiyyat üsulundan da istifadə edilməsi nəzərdə tutulur. Etibarnamələrin mobil qaydada verilməsi həftənin 7 günü 24 saat ərzində mümkündür və proses cəmi 5-10 dəqiqə ərzində icra edilir.
Hazırda Ədliyyə Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə belə etibarnamələrin verilməsinin yaxın vaxtlarda MYGOV portalı vasitəsilə də təşkil edilməsi nəzərdə tutulur.
