“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə cənab Prezident İlham Əliyevin hər zaman qarşıya qoyduğu vəzifələrdən biridir”.
Bu sözləri e-huquq.az-a açıqlamasında millət vəkili Cavid Osmanov Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin həbsinə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni hüquq-mühafizə orqanları qarşısında əsas vəzifələrdən biri kimi qoyub:
“Prezident dəfələrlə vurğulayıb ki, korrupsiya və rüşvətxorluq halları ölkənin ümumulikdə inkişafına çox böyük zərbələr vurur və insanların hüquqlarının pozulmasına bilavasitə təsir edir. Ölkə başçısı hər zaman bildirib ki, korrupsiya və rüşvətxorluğun qarşısı qətiyyətlə alınmalıdır. Bildiyiniz kimi, cənab Prezident may ayının 1-də Azərbaycan Respubliksının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də bu məsələyə toxundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında priotet sahə kimi dayanmalı olduğunu vurğuladı”.
C.Osmanov qeyd edib ki, bu kimi hallarla bağlı mübarizə tədbirləri gələcəkdə də görüləcək və bu da öz müsbət nəticəsini göstərəcək: “Dövlət başçısı həmin çıxışında məmurlara da xəbərdarlıq etdi, mesaj verdi ki, başqa yerlərdən də siqnallar gəlir və bütün bunlar araşdırılacaqdır, hər birinə hüquqi müstəvidə qiymət veriləcək. Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti və daxili işlər orqanları tərəfindən aparılan uğurlu əməliyyatlar nəticəsində yaxın bir neçə gün ərzində də belə hallar aşkar olunub. Son zamanlar ölkədə aparılan islahatlar və struktur dəyişiklikləri onu göstərir ki, məhz yeni kardlar təyin olunduqdan sonra bu sahədə çox ciddi dönşülər yaranır. Bu, təbii ki, çox müsbət haldır. Gələcəkdə də bu halların qarşısı alınacaq və ölkəmizin inkişafına belə rüşvətxor məmurlar zərər verə bilməyəcək”.
