Məzmuna keç

“Kommersiya sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması mübahisələrin tam obyektiv həlli istiqamətində mühüm rol oynayacaq”

“Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn məsələdir. Bu, ilk növbədə bütün məhkəmələrdə iş yükünün azaldılmasına səbəb olacaq. Bu da işlərin qısa zamanda, daha operativ baxılmasına imkan verəcək”.

Bunu e-huquq.az-a açıqlamasında vəkil Vüqar Babayev deyib.

O bildirib ki, Azərbaycanda ixtisaslaşdırılmış məhkəmələrin yaradılması kommersiya sahəsində olan işlərin peşəkar hakimlər tərəfindən daha ədalətli baxılması üçün zəmin yaradır: “Yəni, bu məhkəmənin hakimləri məhz kommersiya mübahisələri üzrə ixtisaslaşmış hakimlər olacaqlar ki, bunların da işə yanaşması, mübahisələrin həlli sırf bu istiqamətdə olacaq”.

Vəkil Vüqar Babayev

Vəkilin sözlərinə görə, kommersiya mübahisələri həmişə müxtəlif normativ aktları özündə əhatə edir ki, burada kifayət qədər mürəkkəb məsələlələr var: “Ona görə bu sahədə bu cür ixtisaslaşmış məhkəmənin olması mübahisələrin tam obyektiv həlli istiqamətində mühüm rol oynayacaq. Eyni zamanda, qeyd etdiyim kimi, mübahisələrin kommersiya məhkəmələrinin özündə də qısa zamanda daha operativ baxılmasına şərait yaradacaq”.