“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin e-huquq.az-a müsahibəsi:
– Bildiyiniz kimi, COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycana da öz təsirini göstərməkdədir. Ölkəmizdə xüsusi karantin rejimi elan olunduqdan sonra bir çox sahələrdə iş prosesinin təşkilində müəyyən dəyişikliklər oldu. Bilmək istərdik, mövcud vəziyyət “Azəriqaz” İB-in fəaliyyətinə necə təsir etdi?
– Digər qurumlar kimi, "Azəriqaz" İB də pandemiya dövründə hökumətin tətbiq etdiyi bütün qanun və qaydalara uyğun işlərini qurdu. İlkin olaraq biz bu dövrün ağırlığını hiss etdik, sonradan isə buna uyğunlaşdıq. Çalışdıq ki, az işçi sayı ilə abonentlərimizə maksimum xidmət göstərək. Ötən ayın göstəriciləri, bizə daxil olan ərizələr, şikayətlər və ümumən 104 çağrı mərkəzinə daxil olan məlumatlara əsasən deyə bilərik ki, bu dövrdə abonentlərimiz ciddi problemlərlə üzləşməyib. Biz onları narahat edən məsələlərə operativ yanaşa bilmişik. Ancaq bu dövrün əlbəttə ki, müəyyən çətinlikləri vardı. Bu çətinliklərdən biri də yığımla bağlı olub. Bilirsiniz ki, bu dövrdə biz qazı dayandırmadan yığımın həyata keçirilməsinə çalışdıq. Çünki yığımı həyata keçirmədən işçilərin əməkhaqqının və digər xidmətlərə görə ödənişlərin həyata keçirilməsi çətin olardı. Bununla bağlı bir qədər sıxıntı yaşandı, lakin elə bir ciddi problem olmadı. İşçilərimizin maaşı vaxtında ödənildi, digər xidmətlər də vaxtında icra olundu. Biz çalışdıq ki, maksimum marifləndirmə ilə bu çətinliklərdən çıxaq. Yəni, borcu yarana biləcək abonentlə dəfələrlə söhbət etdik, izahat verdik. Ona görə də qazın verilməsində heç bir dayandırma etmədik. Elə bir abonent ola bilməz ki, biz pandemiya dövründə borca görə ona qazın verilməsini dayandıraq.

– Xüsusi karantin rejimi dövründə əhalininin əksər hissəsinin evdə olması gün ərzində təbii qaza olan ehtiyacı da artırmış oldu. Bununla bağlı olaraq, əhalinin təbii qazla təmin olunması necə təşkil olundu? Hər hansı çətinlik yaşandımı?
– Qaz təminatında elə bir çətinlik yaşanmadı. Məlumat üçün bildirim ki, ötən ilin aprel ayı ilə müqayisədə bu ilin eyni ayında əhali xətlərində biz 90 milyon kubmetrdən artıq qaz qəbul etdik. Ancaq bundan fərqli olaraq sənaye və qeyri-əhali obyektlərində isə biz 60 milyon kubmetrə yaxın az qaz qəbul etdik. Bu böyük həcmdə qazın qəbulu, paylanması ilə bağlı elə bir ciddi vəziyyət yaranmadı. Bunun öhdəsindən tam gələ bildik. Ancaq bu zaman bəzi problemlərin həllini müvəqqəti dayandırdıq. Bilirsiniz ki, qazın paylanması zamanı qəza, sızma kimi hallar baş verir. Bu problemlərin aradan qaldırılması üçün qaz təchizatının dayandırılmasını həyata keçirmək məcburiyyətində qalırıq. Bu məqamda biz maksimum çalışdıq ki, həmin təmir, qoşulma və digər işləri həyata keçirməyək. Abonentlərdə əlavə narazılıq, sosial problemin yaranmaması üçün daha həssas yanaşdıq.
– Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bir çox qurumlarda olduğu kimi, “Azəriqaz” İB-də də vətəndaşların qəbulu onlayn şəkildə həyata keçirildi. Bu format müraciətlərin dinlənilməsində, şikayətlərin aradan qaldırılmasında operativliyin təmin olunmasına təsir etdimi?
– Prezident Administrasiyasının tərtib etdiyi vətəndaş qəbulu qrafikinə əsasən aprel ayında Lənkəran regionunda qəbul keçirməli idik. Mövcud vəziyyətlə əlaqədar həmin qəbulu onlayn formada keçirdik. Abonentlərin şikayətlərini dinlədik, əksəriyyəti ilə bağlı yerindəcə tapşırıq verildi və həll olundu. Digərləri isə müəyyən bir müddət ərzində öz həllini tapdı. Əvvəlki qəbullara nisbətən daha az vətandaş müraiət etmişdi. Çünki biz daimi qazın verilişini fasiləsiz təmin ediriksə, yığım üçün qazın dayandırılması və digər faktorlardan istifadə etmiriksə, onda abonentlərlə bizim aramızda anlaşılmazlıq, problem yaşanmır. Müraciətlərin əksəriyyəti bizim abonentlərimiz olmayan, yeni qazlaşma ilə bağlı kömək istəyən şəxslər tərəfindən olunub. İşəgötürmə ilə bağlı da müraciətlər var idi. Səlahiyyətlərimiz çərçivəsində müraciətlərin hamısına baxıldı və həll olundu.

– İstixanalarda yığım məsələsində müəyyən problemlər yaşanırdı. Bununla bağlı nə deyə bilərsiniz?
– İstixanalarla bağlı bəzi problemlərimiz bu gündə qalmaqdadır. Bilirsiniz ki, mövsümün əvvəlində – 2019-cu ilin payızında Bakıda Zirə qəsəbəsində, Salyan və Şəmkir rayonlarında istixana sahibləri ilə görüşdük. Humanistlik göstərdik, onlara müəyyən güzəştlər etdik. Bu məqamda istixanada olan məhsulun satışı ilə bağlı problem yaşanmadı. Məlumata görə, əvvəlki ilə nisbətən daha çox ixrac olunub. Buna baxmayaraq, bəzi sahibkarlar pandemiya dövründən öz xeyirlərinə istifadə edirlər. Əsasən, Şəmkir regionunda belə sahibkarlar var. İndi onlarla yenə də danışıqlar aparılır. Oktyabr və noyabr aylarında yeni mövsümlə bağlı yenidən qazın qəbulunu həyata keçirəcəklər. Qeyd edim ki, pandemiya dövründə restoran, kafe və digər iaşə obyektləri bağlı olduğu üçün qeyri-əhali qrupuna qazın verilişi azaldı. Buna görə də aprel ayının sonu və may ayında bəzi çətinliklər yaşandı. Bilirsiniz ki, qazın satışı əhali üzrə 2 tarifdə həyata keçirilir. Qazın 1 kubmetri üçün illlik güzəştli limit daxilində 0,10 AZN və limiti keçdikdən sonra isə 0,20 AZN nəzərdə tutulub. Qeyri-əhali qrupu üçün isə satış 1 kubmetrə görə 0,20 AZN həyata keçirilir. Qeyri-əhali üzrə qaz satışı normal olduqda "Azəriqaz" İB üçün iqtisadi göstərici daha yaxşı olur. Ona görə də sahibkarlara bir daha sizin vasitənizlə müraciət edərək bildirmək istəyirəm ki, bu məqamda biz bir-birimizə kömək etməliyik. Əksinə, lazımsız bəhanələr tapıb ödənişdən yayınmaq yolverilməzdir. Necə ki, biz mövsüm boyu humanistlik edib qaz təchizatının dayandırılmasını həyata keçirmədik, onlara kömək olduq, onlar da bizə kömək olsunlar.
– Bəzi hallarda “Azəriqaz”ın adından istifadə edərək abonentlərdən pul yığan şəxslərə rast gəlinir. Dəfələrlə bu barədə vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də belə dələduzlara aldanan şəxslər olur. Hazırda bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
– Bu kimi hallar çox vaxt şikayətlər əsasında açılır. Bəzən abonentlər 104 çağrı mərkəzinə müraciətlərində, yaxud hər hansı şikayət ərizəsində onlardan rüsum tələb edilməsi barədə bildirirlər. Bu müraciətlərin araşdırılması zamanı həmin dələduzları aşkar edirik. Məlumat üçün bildirim ki, bizdə ümumiyyətlə bütün xidmətlər "ASAN” xidmət mərkəzlərində həyata keçirilir. Amma bəzi işbazlar bundan istifadə edirlər, insanları aldadırlar. Onlar abonentləri elə inandırırlar ki, insanlar onlara pul ödəyir. Bizim bununla bağlı müraciətlərimiz olub, mətbuatda da bildirmişik. Eyni zamanda bu kimi hallarla bağlı Daxili İşlər Nazirliyindən kömək də istəmişik. Xatırladım ki, pandemiya vaxtı “Azəriqaz” adından rezonans yaradan yalan məlumat yayılmışdı. Bildirilirdi ki, guya abonentlərin ödədiyi sonuncu məbləğ onların balansına bonus olaraq yüklənəcək. Təbii ki, bu tamamilə əsassız bir informasiya idi və şəbəkəmizin dayanıqlığına müəyyən təsir göstərdi. Abonentlərimizə demək istəyirəm ki, bizi mətbuatdan, sosial şəbəkələrdəki rəsmi səhifəmizdən izləsinlər. Hər hansı bir yenilik olduqda biz internet səhifəmizdə bu haqda ətraflı məlumat veririk. Kimsə onlara ödənişlə bağlı müraciət etdikdə diqqətli olsunlar. Şübhəli məqamlarda 104 çağrı mərkəzi ilə əlaqə saxlayıb müvafiq məlumat alsınlar. Biz çalışırıq ki, abonentlərimizə həm rəhbərlik səviyyəsində, həm digər işçilər səviyyəsində tam əlçatan olaq, hər zaman onların yanında olaq.

– Ruslan müəllim, bu ildən başlayaraq, yeni yaşayış massivlərinin qazlaşdırılmasına diqqət ayrılacağını bildirmişdiniz. Hazırda bununla bağlı vəziyyət nə yerdədir?
– Qazlaşdırma prosesi Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin birbaşa Azərbaycan vətəndaşına sosial dəstəyidir. Bu, sosialyönümlü bir layihədir. Bu gün qazlaşma həyata keçirildikdən sonra ona qoyulan investisiyanın geri qayıtma ehtimalı çox azdır. Ona görə də bu işlərin icrası üçün bütün vəsait dövlət büdcəsindən ayrılır. Bu proqram Prezident Administrasiyasında hazırlanır və cənab Prezidentin müvafiq sərəncamı verildikdən sonra "Azəriqaz" İB bunu icra edir. Bu il ərzində də müəyyən ərazilərin qazlaşdırılması nəzərdə tutulur. Artıq bununla bağlı imzalanan 4 sərəncam üzrə işlərimizə başlamışıq. İlin sonuna kimi bu sərəncamları tam həyata keçirəcəyik. 2019-cu ildə qazlaşma səviyyəsi 96 faiz oldu. Bu ilin sonuna kimi əlavə 100 min abonent artımı gözləyirik. Bu təkcə Bakı deyil, həm də regionları əhatə edir. Nəzərdə tuturuq ki, bunun 40 mini Bakı, 60 mini isə regionlardan olacaq.
– Son olaraq, “Azəriqaz”ın qarşıda duran əsas planları nədən ibarətdir? Bu barədə məlumat verməyinizi xahiş edirik…
– Bizim ən böyük hədəfimiz "Azəriqaz" İB-nin iqtisadi göstəricisini yaxşılaşdırmaq və təbii ki, abonentləri daha məmnun, fasiləsiz, təhlükəsiz qazla təmin etməkdir. Bununla bağlı bizdə həm illik, həm də hər mövsüm üzrə planlar tutulur. Planlar isə əsasən əvvəlki illərdə bizə daxil olan şikayətlər əsasında hazırlanır. Yəni, 2019-cu il üçün olan plan 2018-ci ildə daxil olan şikayətlərə əsasən hazırlanır. Burada məqsəd ondan ibarətdir ki, növbəti ildə həmin yaşayış massivində qazın verilməsi, qazın təzyiqi, rejimin dayanıqlığı ilə bağlı problemlər yaşanmasın. Biz həmçinin 100 faiz yığımı həyata keçirməyə, itkiləri normada saxlamağa çalışırıq. Məlumat üçün bildirim ki, “Azəriqaz” İB-də itki artıq birrəqəmlidir. Bu il ərzində də azalma gözlənilir. Artıq geridə qalan 4 ay ərzində şəbəkəmizdə 2 faizə yaxın itki azalıb.
Xəyalə Bünyatova
