Məzmuna keç

Politoloq: “Bu hadisə beynəlxalq hüquqa, insan haqlarına ziddir”

“Seçki” şousu bir yana, inaqurasiya mərasimi üçün Şuşanın seçilməsi erməni həyasızlığının ən bariz nümunəsidir.

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Dağlıq Qarabağdakı separatçı rejimin 21 may tarixində Şuşada andiçmə mərasimi və atəşfəşanlığın keçiriləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma seçkilərini 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə salınması zamanı bunu siyasi həyasızlığın son həddi kimi qiymətləndirmişdik: "Lakin görünən odur ki, bu son deyilmiş. İndi də işğalçı rejim andiçmə mərasimi üçün məkan olaraq Şuşanı seçib və bu da erməni həyasızlığının ən bariz nümunəsidir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü ziddir. Məlum olduğu kimi, bu “seçki” şousu Beynəlxalq təşkilatlar tərəfindən də məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirilmişdi".

Politoloq qeyd edib ki, bütün bu hərəkətlər bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil, status-kvonu uzatmağa çalışır və yalnız imitasiya etməklə məşğuldur: "Düşünürəm ki, istər ATƏT-in Minsk qrupu dövlətləri, istərsə də beynəlxalq birlik nəhayət ki, konkret addımlar ataraq təcavükar rejimə təzyiq göstərməli, quru bəyanatlar verməklə kifayətlənməməlidir”.