Azərbaycanın ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçiriləcək.
Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 11 may 2019-cu il tarixdə keçirilmiş növbəti test imtahanından keçid balı toplayaraq müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə iyunun 11-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.
Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
