Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mövcud qanunvericiliyə dəyişiliklər ediləcək.
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
O bildirib ki, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq: "Bildiyimiz kimi artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bununla bağlı iclası da keçirilibdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunubdur. Qanuna bir sıra texniki dəyişikliklər, həmçinin, “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur. Bununla bərabər Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə olunubdur. Bu qanun layihələri MM-in plenar iclasına tövsiyə edilmişdir. Kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq, məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcürübəsini öyrənərək onu ümumiləşdirəcək, və ona aid edilmiş digər səlahiyyətləri də həyata keçirəcəkdir. Kommersiya məhkəməsi sədr və hakimlərdən idarət olacaq. Sözsüz ki, kommersiya məhkəmələri sahibkarlıqla bağlı maliyə, bank, iqtisadi, əmlak və əqli mülkiyyət və bu kimi digər mübahisələrə də baxacaq".
Deputat qeyd edib ki, bütövlükdə bu islahatlar paketinin önəmli tərkibi kimi məhkəmə-hüquq sahəsində də çox ciddi islahatlar gedir.
"Qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün əsaslı sahələrdə islahatlar gedir. Bu gün bazar iqtisadiyyatı ilə sürətlə inkişaf edən ölkəmizdə həm sənaye, həm də kənd təssərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün peşəkar hüquqşunas və hakimlərdən ibarət kommersiya məhkəmələrinin yaranması günün tələbi və çox zəruri idi. Bu sahədə olan mübahisələrin çox çevik və peşəkar həll olunması sahibkarların fəaliyyətinə böyük dəstək olacaqdır" – deyə, M. İbrahimqızı əlavə edib.
