Məzmuna keç

14 yaşlı oğlunu döyən ata həbs edilə bilər – VƏKİL

14 yaşlı oğlunu döyən ata həbs edilə bilər - VƏKİL

Bir müddət əvvəl Gəncədə ana yeniyetmə oğlunun atası tərəfindən döyülməsi ilə bağlı videomüraciət yayıb. Hadisədən sonra isə hüquq-mühafizə orqanlarına məlumat verilib. Əgər, atanın barəsində cinayət işi başlanarsa, onu hansı cəza gözləyir?

Vəkil Feyzulla (Feyzi) Mehdiyev e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, ekspert rəyinə əsasən, öncə xəsarətin dərəcəsi müəyyən olunmalıdır.

O qeyd edib ki, ekspert rəyində xəsarət yüngül, az ağır və ağır ola bilər: “Buna müvafiq olaraq da Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açıla bilər. Və ya xəsarətin dərəcələri müəyyən olunmasa, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (döymə) inzibati məsuliyyətə də cəlb oluna bilər”.

Onun sözlərinə görə, əgər İ.Məmmədovun barəsində cinayət işi başlanılarsa, onu 1000 manat cərimədən 8 ilə qədər həbs cəzası gözləyir: “İnzibati məsuliyyətə cəlb olunarsa, onu 300 manatdan 500 manata qədər cərimə və ya işin hallarına görə 2 ayadək inzibati həbs cəzası gözləyə bilər”.

F.Mehdiyev deyib ki, Azərbaycan cəmiyyətində bu kimi hallar çoxdur və mentalitetə görə əksər hallarda bu cür şikayətlərə rast gəlinmir: “Halbuki bu kimi hallar bir çox ailələrdə adi haldır, xüsusən də bölgələrdə ailə daxili "intizam tənbehi" kimi valideyn özünü haqlı sayır. Valideyn və ya övlad olmasından asılı olmayaraq, fiziki güc tətbiq etmə, xəsarət yetirmək qanunvericiliyə ziddir”.