“Karantin qaydalarına riayət etmək istəməyib qanunsuz addımlar atan, özü ilə yanaşı başqalarını da rejimi pozmağa təşviq edən şəxslərin olması təəssüf doğurur”.
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Ötən gün karantin rejimi qaydalarına əməl etməyən vətəndaşlarla polis arasında yaşanan qarşıdurmanı pisləyən millət vəkili vətəndaşları qaydalara riayət etməyə çağırıb.
“Azərbaycan hüquqi dövlətdir. Burada qanunlar qəbul olunmuş əsas ali sistem kimi fəaliyyət göstərir. Heç kim və heç nə qanunlardan üstün deyil. Bütün dünyanın bəlasına çevrilmiş COVID-19-la mübarizə çərçivəsində Azərbaycanda cənab Prezident İlham Əliyevin başçılığı ilə hökümət tərəfindən bütün lazımı addımlar atılmaqdadır. Görülən bütün işlər, qoyulan qadağalar əhalinin sağlamlığına və təhlükəsizliyinin təmin olunmasına yönəlib. Bu baxımdan Yasamalda baş verən xoşagəlməz hadisə, polisə qarşı müqavimət, bəzi üzdəniraqların "beşinci kolon"un tör-töküntüləri vasitəsilə, xaricdə oturub öz havadarlarından istifadə edərək Azərbaycanın əleyhinə istifadə etməyə çalışması, metroda baş verən qanunsuzluqlar, polisə qarşı edilmiş hərəkətlər, vətəndaşın onu qanuna riayət etməyə dəvət edən polisə müqavimət göstərməyə çalışması, hətta üzərindən soyuq silah olaraq bıçaq çıxması qınanılmalıdır. Bütün bu faktlar hamısı göstərir ki, ümumiyyətlə, Azərbaycanda həyata keçirilən uğurlu, düşünülmüş, vətəndaşın təhlükəsizliyinə və inkişafına yönəlmiş hər bir addım təbii ki, bizi sevməyən, Azərbaycanın güclü və qüvvətli olmasını istəməyən, anarxist qüvvələr, başıpozuq, xaricdəki havadarları tərəfindən maliyyələşən bir çox qüvvələr tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Bu da bizdə ciddi təəssüf doğurur. Hər bir vətəndaşımız polisinin, dövlətinin yanında olmalıdır. Yaddan çıxarmaq olmaz ki, dövlət o zaman güclü olur ki, qanunlar ali olur, qanunlar işləyir. Hər bir vətəndaş dövlətin bütün qanunlarının aliliyinə riayət etməli, atılan addımların dövlətimizin xalqı düşünərək atmış olduğunu dərk etməlidir. Belə halların bir daha baş verməməsi üçün sadə vətəndaşlar da çağırışlara qoşulmalı və ətrafındakı şəxsləri də karantin rejiminə ciddi əməl etməyə çağırmalıdır. Bunların hər biri bizim sağlamlığımızın qorunmasına, xəstələrin qısa zamanda sağalıb evlərinə, ailələrinin yanına qayıtmasına şərait yaradır. Hər birimiz polisin, dövlətin yanında olmalı və qaydalara ciddi riayət etməliyik”, – deyə R. Həsən qeyd edib.
