Məzmuna keç

“Heydər Əliyev böyük risqlərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü”

“15 iyun Milli Qurtuluş günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb”.

E-huquq.az-ın məlumatına görə, bunu politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, gələcək həyatımızı üçün mühüm başlanğıcların əsasını qoyan 15 iyun çox mühüm ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan bir gündür: "Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə də, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçildi".

Politoloq qeyd edib ki, Heydər Əliyev böyük risqlərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü: "Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Daha sonra 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Məhz bu səbəblərə görə 15 iyun Milli Qurtuluş günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb".