“Son vaxtlar işğalçı Ermənistanda baş verən hadisələr ölkə rəhbəri Nikol Paşinyanın dövləti idarə etmək qabiliyyətində olmadığından xəbər verir”.
E-huquq.az-ın məlumatına görə, bunu politoloq Yusif Bağırzadə Ermənistanda baş verən hadisələri şərh edərkən bildirib. O qeyd edib ki, əsas fəaliyyətini populist çıxışlar üzərində quran, bununla da əhalinin diqqətini ölkədə baş verənlərdən yayındırmağa çalışan Nikol Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşdığı bəlli olub.
"Ermənistanda bir birinin ardınca baş verən istefalar, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyanın istefası Paşinyan iqtidarının çökdüyündən xəbər verir. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi artıq Nikol Paşinyan iqtidarının sonunun çatmasından xəbər verir. N.Paşinyan isə bu etirazların qarşısını zor tərbiq etməklə almaq istəyir və bunu açıq şəkildə nümayiş etdirir" – deyə Y.Bağırzadə qeyd edib.
Politoloqun sözlərinə görə, Paşinyanın parlamentin qarşısına toplaşaraq etiraz aksiyası keçirənlərə divan tutdurması, yüzlərlə iştirakçının saxlanılması onun əsl diktatator simasından xəbər verir: "Bildiyiniz kimi Paşinyanın müxalifət və Çiçəklənən Ermənistan Partiyası tərəfindən istefaya çağırış tələblərinə cavabı çox gecikmədi. Milli Təhlükəsizlik Xidmətinin Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı ki, bu da Paşinyanın demokratik prinsiplərə olan “münasibətinin” göstəricisi kimi qəbul olunmalıdır. “Çiçəklənən Ermənistan” partiyasının sədri, “Sarukyan” deputat fraksiyasının lideri, milyonçu Q.Sarukyanın deputat toxunulmazlığının iyunun 16-da Ermənistan parlamenti tərəfindən ləğv edilməsi həmin ölkədəki siyasi prosesləri daha da qızışdırıb. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. İstər son vaxtlar Ermənistanda baş verən repressiyalar, istərsə də Q.Sarukyanla bağlı hadisələr fonunda Paşinyanın 2018-ci ildən bəri formalaşan “demokrat” imici sürətlə dağılır. Faktiki olaraq şahidi oluruq ki, Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Son hadisələrdən sonra təbii olaraq Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı durmadan artır. Bu baxımdan da deyə bilərik ki, hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar güclənib. N.Paşinyanın yeganə məqsədi isə hakimiyyətinin müddətini uzatmaqdan ibarətdir".
Y.Bağırzadənin fikrincə, populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.
"Bütün bunların fonunda artıq Ermənistanda “istefa” sədaları eşidilməkdədir. Paşinyanın diktatorluğuna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları iyunun 15-də Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşaraq mitinq keçiriblər. Aksiya iştirakçılarının “Paşinyan get!”, “Sarukyan Baş nazir!” şüarları artıq Ermənistanı silkələməkdədir. Bu mitinqdə iştirak edən deputatlar da saxlanılıb.
"Bütün bunlarda əsas məqsəd pandemiya dövründə çaşqın vəziyyətə düşmüş iqtidarın əhalinin sağlamlığının qorunması istiqamətində heç nəyə nail ola bilməməsini ört- basdır etməkdir. Çiçəklənən Ermənistan Partiyasının rəhbərinin verdiyi bəyanat da bunu təsdiqləyir. Bəyanatda qeyd edilir ki, hökumətin etiraz edənlərə aqressiv münasibəti pandemiya dövründə özünün bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışmasından xəbər verir. Təəssüf ki, əksər beynəlxalq təşkilatlar, ümumən bir sıra Qərb təşkilatları hələ də Ermənistandakı bu antidemokratik hərəkətləri sakitcə seyr edir, heç bir münasibət bildirmirlər. Bu da dünyada baş alıb gedən ikili standartların bariz nümunəsidir. Halbuki, bu hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ kobud şəkiləd pozulmuş, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmuş, yerli kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyətinə imkan yaradılmamışdır. Hər birimiz şahidiyik ki, Qərbin guya ki, önəm verdiyi bütün dəyərlər ayaq altına salınsa da, yenə də Ermənistana “gözün üstə qaşın var” – deyən yoxdur. Təəccüb doğuran məsələlərdən biri də odur ki, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri də özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib. Təbii ki, qərbin özünü görməzliyə vurması ilk hadisə deyil. Hələ bundan bir müddət əvvəl Ermənistanda müxalif siyasətçi və jurnalist M.Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də heç bir beynəlxalq təşkilat, o cümlədən Qərb ölkələri heç bir münasibət bildirədilər və susmağa üstünlük verdilər. Azərbaycanda baş verən kiçik bir hadisəni şişirdib, az qala, dünyaya yayan bəzi beynəlxalq təşkilaların Ermənistanda baş verənləri görməzdən gəlməsinin isə yalnız bir adı var – siyasi korluq", – deyə politoloq əlavə edib.
