Məzmuna keç

Deputat: “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi”

Deputat:

“Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Nəriman Əliyev deyib.

O bildirib ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub: “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı”.

Deputat qeyd edib ki, Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü: “Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan millətinin maraqlarına uyğun siyasət həyata keçirdi”.

N. Əliyev bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb: “Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırkı şəraitdə müsəlman ölkəsi olaraq digər dövlətlərə nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini qeyd edirlər. Keçirilən samitlər, nəhəng beynəlxalq tədbirlər, idman və mədəniyyət hadisələri, dünyanın lider ölkələrinin başçılarının Bakıda müxtəlif səpgili görüşlər keçirmələri bilavasitə Azərbaycanın dünyanın mərkəzi rolunda olduğunu sübut edir. Yəni biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Azərbaycan həmçinin özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bütün bunlar əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələridir ki, bu gün Prezident İlham Əliyev cənabları tərəfindən müdrikliklə, mütərəqqi addımlarda davam etdirilir. Biz də 15 iyun Milli Qurtuluş Gününü fəxrlə, qürurla qeyd edirik”.