“Aztelekom” MMC “Yevlax-Qida” MMC-ni məhkəməyə verib.
E-huquq.az xəbər verir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Aztelekom” 379 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borcu tələb edib.
İddia ərizəsində qeyd edilib ki, hər iki tərəf arasında 2018-ci ildə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, provayder “Aztelekom” MMC Yevlax şəhərində yerləşən “Yevlax-Qida” MMC-yə fiber-optik kabel üzərindən internet xidmətini təmin etmək üçün protokolda göstərilən işləri yerinə yetirməyi, sifarışçi isə xidmət müqabilində provayderə xidmət haqqını ödəməyi öhdəsinə götürüb.
“Aztelekom” MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək sifarışçini internet xidməti ilə təmin etsə də, “Yevlax-Qida” MMC müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyib və nəticədə 379 manat ödənilməmiş borcu qalıb.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, “Aztelekom” MMC-nin iddiası təmin edilib.
Qeyd edək ki, “Yevlax-Qida” MMC Yevlax rayon ərazisində ərzaq və şirniyyat məmulatları istehsal edir.
