Bu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.
Ombudsman Aparatından e-huquq.az-a verilən məlumatına görə, münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
