Bu gün Bakı Apellyasiya Məhkəməsində aktyor Rza Rzayevin bacısı, 220 saylı məktəbin direktor müavini Zeynəb Rzayevanın xüsusi ittiham qaydasında verdiyi valideynlər – Pərvanə Salmanova və Aliyə Məmmədovanın barəsində olan məhkəmə qərarından müraciət edilən apellyasiya şikayəyinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə hər iki şəxs barəsində bəraət hökmü çıxarıb.
İttihama görə, P.Salmanova və A.Məmmədova mətbuatda Z.Rzayeva haqdda məlumat yayıb. Z.Rzayeva isə hər iki şəxsi xusui ittiham qaydasında məhkəməyə verib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 6 ay islahetmə işləri hökmü çıxarılıb.
Bundan başqa, məhkəmə ekspertizasına görə, xərclənmiş 320 manatın P.Salmanova və A.Məmmədovadan müştərək qaydada tutulması ilə bağlı qərar verilib. Eyni zamanda, şərəf və ləyaqətə və işgüzar nüfuza vurulmuş zərərə görə hər iki qadından 500 manat məbləğinda pul vəsaiti xüsusi ittihamçının xeyrinə tutulması barədə hökm çıxarılıb. Hökmdən narazı qalan P.Salmanova ilə A.Məmmədova apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
