Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Z.Əzimovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, biznesmen olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.
Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.
Xatırladaq ki, Nərimanov rayon Polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov 2017-ci ildə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, Z.Əzimov “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanınıb.
