Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci ildə Xırdalan şəhəri, 28-ci məhəllədə – bazarın yaxınlığında baş verib.
İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs – 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra X.Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Paşayev 19 il, K.Həsənov 18 il, B.Bayramov 18 il, A.Ruszpeykar 13 il, M.Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu iş üzrə B.Qəhrəmani, İ.Həsənov, M.Qasımov və R.Qurbanov da təqsirli bilinib. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
