Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisə törədib, qaçamaqda təqsirləndiirlən Eyvaz Eyvazovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci insansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, E.Eyvazovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabr ayının 7-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini E.Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobildə olan sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
İstintaq dövründə E.Eyvazovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə E.Eyvazov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən nazazı qalan məhkum apellyasiya şikayəti verib.
