“Mənfur düşmənin atmış olduğu bu addım onun acizliyinin, şərəfsiz və iyrənc idarəetmə mexanizminə sahib olduğunun göstəricisidir”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən Ermənistanın mülki əhalini atəşə tutmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı həyata keçirilən bu vandalizm və vəhşi siyasət otuz ildən çoxdur ki, Ermənistan rəhbərliyi tərəfindən davam etdirilməkdədir: “27 sentyabr tarixində müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı altında həyata keçirdiyi əks-hücum əməliyyatları düşməni ciddi şəkildə narahat etmişdir. Bu, onlarda qissasçılıq düşüncəsini daha da gücləndirərək beynəlxalq hüquq prinsiplərinə, insanlıq və humanitar hüquqa, eyni zamanda beynəlxalq müharibə – savaş qanunlarına tamamilə zidd olan iyrənc və faşist qisimli addımlar atmalarına təkan vermişdir.
Ermənistan intensiv şəkildə hərbi obyektlərdən daha çox mülki obyektlərimizi və vətəndaşlarımızı hədəf alır. Düşmənin mülki əhalini bombardman yağışına tutması və hətta qadağan olunmuş kaset silahlardan, bombalardan, raketlərdən istifadə edərək heç bir şəkildə müharibə ilə əlaqəsi olmayan sivil vətəndaşları, mülki əhalinin həyatlarına son qoyması faşist siyasətinin bariz təzhürü kimi dünya ictimaiyyətinə çatdırılmaqdadır. Bu proses əminəm ki, bundan sonra da davam edəcəkdir”.
Deputat qeyd edib ki, bu hadisələr Ermənistanın bir terror dövlət olmasını açıq şəkildə sübut edir: “Düşmən cəbhə bölgəsində mərdi-mərdanə vuruşan Azərbaycanın müzəffər Ordusu ilə qarşılaşmaqdan qorxur və çəkinir. Cənab Prezidentin vurğuladığı kimi, gizlənmək üçün “siçan deşiyi” axtaran ermənilər məhz Azərbaycan Ordusunun qəhrəmancasına, igidcəsinə vuruşaraq düşməni və onun ordusunu Azərbaycanın işğal olunmuş torpaqlarından “iti qovan kimi” qovduğu və bu prosesin bu gün də uğurla davam etdiyi üçün onlar öncə Moskvaya qaçaraq atəşkəs üçün yalvarırdılar. Lakin atəşkəsi birinci özləri açıq və aydın şəkildə gecə saat ikidə insanların yatdığı yerdə Azərbaycanın ən böyük şəhəri olan Gəncəyə raket atıb, günahsız insanları qətlə yetirməklə pozdular. Cənab Prezidentin də dediyi kimi, bu vəhşilik cəzasız qalmamışdır və qalmayacaqdır. Bunun bir yolu ölkə rəhbərimizin də vurğuladığı kimi, cəbhədə düşmənin bütün hərbi manevr imkanlarını sıfıra endirib, ondan cəbhə istiqamətində qisas almaqdır. Müzəffər Azərbaycan Ordusu da bu tapşırıqları layiqincə yerinə yetirir”.
R. Həsən vurğulayıb ki, Azərbaycanın Ermənistan rəhbərliyini beynəlxalq hərbi tribunala verməyə tam haqqı çatır: “Bu, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində də öz əksini tapıb. Azərbaycan BMT-yə müraciət edərək, beynəlxalq müharibə cinayətlərinə görə Ermənistan hakimiyyətini və qondarma rejimin başında duranların cəzalandırılmasına nail ola bilər. Bu istiqamətdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və eyni zamanda müvafiq dövlət orqanları və sturukturları artıq rəsmi bəyanat yayıb. Bununla bağlı dövlətimiz uğurlu iş aparmaqdadır”.
Müharibədəki qələbələrlə yanaşı, informasiya sahəsində də Azərbaycanın uğurlarına toxunan deputat bildirib ki, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında media informasiyası və blokadası ilə bizə qarşı qurulmuş olan bütün maneələri və əngəlləri aşmaq üçün uğurlu və düşünülmüş taktik addımlar atılır: “Azərbaycan Prezidentinin şəxsən özünün dünyanın aparıcı informasiya agentliklərinə və televiziya kanalları içərisində yer alan “CNN International”, “Euronews”, “Sky News, “RBK” , “Rossiya-1”, “Haber Global”, “ CNN-Türk” kimi bir çox televiziya kanallarına vermiş olduğu müsahibələr geniş aspketdən məsələni açıq və aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Erməni lobbisinin və onun havadarlarının ölkəmizə qarşı qarayaxma kampaniyasını aparmalarına baxmayaraq, Azərbaycan diplomatiyası artıq uğurlu şəkildə öz addımlarını atır. Artıq bu gün dünya Gəncədə baş verən hadisələrin , ermənilərin vandalizm siyasətinin canlı şəkildə şahidi olur. Əldə tutulan tam güclü dəlillərlə Prezidentimizin biləvasitə dilindən beynəlxalq ictimaiyyətə bununla bağlı geniş şəkildə məlumatlar və informasiyalar çatdırılır.
Azərbaycan xalqı rəşadətli xalqdır. Biz türk dünyasının ayırlmaz qiymətli parçası kimi, hər zaman türkündən, kürdündən, ləzgisindən, talışından asılı olmayaraq, öz gücümüzü sərgiləyirik. Görürük, bizim cəbhədə rus vətəndaşımız da şəhid olur, canını qurban verir. Biz hər birimiz bu vətənin qiymətli övladlarıyıq. Hər birimiz Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından torpağımızı azad etmək üçün bir nəfər kimi vuruşmağa və bizə verilən tapşırıqları həyata keçirməyə hazırıq. Erməni şərəfsizlərinin atmış olduğu iyrənc addımlar bizim gözümüzü bu günə qədər qorxutmamışdır.
Düşmən unutmasın ki , Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil. Gördüyünüz kimi, cavablar yüksək şəkildə veririlir və bundan sonra da qələbə bizim olacaq. Çünki biz haqq yolundayıq. Biz beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində hərəkət edirik. Torpaqlarımızın ərazi bütövlüyünü BMT normaları çərçivəsində yenidən bərpa etməyə çalışırıq, ən son hədd olaraq atəşkəsə də bütün problemlər və təzyiqlərə baxmayaraq razı olduq, amma atəşkəs başlamamış bitmiş sayılır. Çünki bunu pozan və bizə rəsmən hücum edən, dinc sakinlərimizi qətlə yetirən yenidən Ermənistan ordusu oldu. Ancaq yenə də qeyd edirəm ki, onların cavabı layiqincə verilib və bundan sonra da veriləcək”.
Sevgül Qasımzadə
