Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsədən sağlamlığa ağır zərər vurma, odlu silah saxlama və xuliqanlıqda təqsirləndirilən Azər Məmmədov, Tərlan Nəhmədzadə və Habil Fərzəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsələrə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məmmədov 6 il 6 ay və digərləri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətləri və apellyasiya protestini təmin etməyib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, A.Məmmədov, T.Nehmədzadə və Sabirabad rayon sakini H.Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.
A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.
Məlumata görə, saxlanılan A.Məmmədov keçmiş müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur. Y.Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
