Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində aprel ayında başlanılan könüllü proqramı uğurla həyata keçirilir.
E-huquq.az xəbər verir ki, Konstitusiya Məhkəməsində Könüllü Proqramında iştirak etmək üçün gənclər müraciət edərək, böyük maraqla iştirak edirlər.
İyunun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.
Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunları ilə yanaşı, Odlar Yurdu Universitetinin, Qafqaz Universitetinin pedaqoji, tərcümə, ingilis dili müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə məzunları da olub.
Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, Plenum iclaslarının təşkil edilməsi prosesində, habelə vətəndaşların qəbulunda bilavasitə iştirak edib, səlahiyyətli subyektlərin sorğuları, məhkəmənin müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə yaxından tanış olublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.
