Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Hazar-Türk LTD" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokol və “Yapı Kredi Bank Azərbaycan” QSC-dən daxil olmuş sənədlərlə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərib.
Belə ki, 23 aprel 2019-cu il tarixdə "Hazar-Türk LTD" MMC 31674 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən, bankda olan hesabından 14 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. Daha sonra MMC ödəniş aparıldığı gündən – 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 4341 ABŞ dolları hesabına alınan malların Azərbaycan Respublikasına idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib.
"Hazar-Türk LTD" həmin pulları ölkəyə qaytarılmadığına görə, Palata tərəfindən barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 4341 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 %-i məbləğində cərimə olunub.
Bu qərardan narazı qalan "Hazar-Türk LTD" MMC-nin direktoru apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib. Qərara görə, MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilib.
