“Əvvəllər bizə müraciət edən qadınların sayı az idi. Kişilər isə müraciət etməyə ümumiyyətlə meyilli deyildilər”.
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur zamanı Mərkəzin psixoloqu Aytəkin Məmmədova deyib.
Onun sözlərinə görə, maarifləndirmə tədbirləri nəticəsində müraciətlərin sayı artıb: “İcma ilə daha sıx ünsiyyət qurduqca və mərkəzin fəaliyyətini insanlara izah etdikcə münasibət dəyişməyə başladı. Hazırda məktəblər də insanları mərkəzə yönləndirirlər. İnsanlar konsultasiyalara yazılmaq üçün müraciət edir, mütəxəssislərlə ünsiyyət qurur və dəstək almağa çalışırlar”.
A.Məmmədova bildirib ki, zaman keçdikcə psixoloqlarla bağlı formalaşmış stereotiplər aradan qalxır: “Bəzən psixoloqa müraciət edən insanlara qarşı qərəzli münasibət göstərilir, hətta onların özlərinin günahkar olduğu düşünülür. Bu yanaşma yanlışdır. Maarifləndirmə və düzgün ünsiyyət vasitəsilə bu cür stereotipləri dəyişmək mümkündür. Apardığımız işlərin nəticəsində insanların bizə münasibətinin daha müsbət istiqamətdə dəyişdiyini müşahidə edirik. Psixoloji dəstəyin əsas məqsədi insanların düşüncələrini, emosional vəziyyətini və psixoloji rifahını yaxşılaşdırmaqdır. Konsultasiyalar zamanı şəxsin emosional vəziyyətinin qorunması və rifahının artırılması istiqamətində iş aparılır”.
