İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən şəxsin oktyabrın 29-da ekstradisiyası həyata keçirilib.
Ədliyyə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ona etibar edilmiş ümumilikdə 78000 manat məbləğində külli miqdarda pulu nağd şəkildə distribütorlardan götürüb şəxsi məqsədləri üçün istifadə edib.
Mənimsəmədə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) ittiham olunan Azərbaycan vətəndaşı Abdulxalıqov Elçin Nüsrət oğlunun yeri Albaniya Respublikasında müəyyən olunub və o həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Albaniya Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Abdulxalıqov Elçin Nüsrət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniya Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
