Məzmuna keç

Zahid Oruc: “Məhkəməyə müraciət üçün vəkil haqqını ödəyə bilməyən vətəndaşların sayı araşdırılmalıdır”

“Məhkəmə orqanlarına müraciət edən insanların neçə nəfərinin vəkillərin müvafiq ödənişlərini qarşılaya bilmədiyini göstərən mötəbər tədqiqatlara ehtiyac var”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar cilasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Ali Məhkəmənin 2025-ci ilin hesabatına görə, il ərzində təkcə birinci instansiyada baxılmış iki fərqli kateqoriya üzrə işlərin ümumi sayı 300 min 356 işdən çoxdur. Göstərilən statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil  edilməyib: “Yalnız birinci instansiyada baxılmış 300 min 356 işin 10 faizində vəkil haqqını ödəyə bilməyən vətəndaş varsa,  onda  30 mindən artıq iş alınır. Yəni, dövlət siyasətinin maliyyə yükünü hesablamaq üçün təkcə iki sahədən ehtiyaclı insanların çəkisinin qat-qat çox olduğu görünür”.

Deputatı sözlərinə görə, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2024-cü il üzrə Azərbaycana dair hesabatında dövlət hesabına hüquqi yardım göstərilməsi üçün 2 milyon 855 min avro xərcləndiyi bildirilir. Lakin vəsaitin 99,5 faizi cinayət işlərinə, 0,5 faizi isə digər məsələlərə yönəlib.

“Halbuki yaşayış evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən, müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxsin də peşəkar hüquqi dəstəyə ehtiyacı var”, – deyə o qeyd edib.

Z.Oruc bildirib ki, 2024-cü ildə ölkəmizdə hər nəfərə düşən dövlət hüquqi yardımı xərci 0,28 avro təşkil edib: “Müqayisə üçün Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici isə 0,86 avrodur”.

Şəbnəm Mehdizadə