Məzmuna keç

Netanyahu İranın nüvə proqramı üzərində işləri bərpa etdiyini bəyan etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İranın öz nüvə proqramını bərpa etmək üçün səylər göstərdiyini bildirib və ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı mübarizə aparmaq üçün milli birlik hökuməti formalaşdırmağa çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə B. Netanyahu İsrail Müdafiə Ordusunun Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotla görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb.

Netanyahu uranın zənginləşdirilməsinin bərpası və nüvə silahının sürətləndirilmiş şəkildə hazırlanması halında İranın həmin raketi İsrailə qarşı tətbiq edə biləcəyindən narahatlığını ifadə edib.

“Biz birbaşa məhv edilmə təhlükəsinin qarşısını aldığımız “Am Kelavi” və “Şaaqat Haari” əməliyyatları zamanı etdiyimiz kimi, gələcəkdə də bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Biz bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmalıyıq”, – o bildirib.

Netanyahu qeyd edib ki, Ayzenkotla görüş İsrailin yəhudi xalqının dövləti kimi mövcudluğunu dəstəkləyən siyasi qüvvələrin iştirakı ilə milli birlik hökumətinin formalaşdırılmasının zəruriliyinə dair onun inamını gücləndirib.

Onun fikrincə, belə bir hökumət təhlükəsizlik sahəsindəki mürəkkəb tapşırıqları daha səmərəli şəkildə həll edə və milli barışığa töhfə verə biləcək.

Netanyahu Ayzenkotu mövcud fikir ayrılıqlarını kənara qoyaraq, heç bir ilkin şərt olmadan geniş siyasi koalisiyanın formalaşdırılması üzrə danışıqlara başlamağa çağırıb.

O, milli təhlükəsizlik və ölkənin gələcəyi, həmçinin ultraortodoksal icmanın nümayəndələri ilə birlikdə həll edilə biləcək hərbi mükəlləfiyyət problemi ilə bağlı razılıqların əldə olunmasının zəruriliyini vurğulayıb.