“Ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasına ehtiyac var”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında söyləyib.
O, ilk növbədə güzəştli kreditlər və xüsusi maliyyə proqramlarının nəzərdə tutulmasını vacib hesab edir: “Çünki ailə bizneslərinin əsas problemi kapital çatışmazlığıdır. Eyni zamanda ailə bizneslərinin qeydiyyatı, hesabatlılığı və sənədləşməsinin daha sadə olmasını vacib bilirəm. Beynəlxalq təcrübədə ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlər tətbiq edilir. Biz də bu istiqamətdə düşünməliyik. Çünki bir çox hallarda biznes sahibi dünyasını dəyişdikdən sonra hüquqi və maliyyə problemləri səbəbindən illərlə qurulmuş biznes fəaliyyətini dayandırır”
Deputatın fikrincə, digər vacib məsələ təlim və məsləhət xidmətləridir: “Bir çox ailə biznesləri peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma imkanlarından xəbərsizdir. Aidiyyatı dövlət qurumları bu sahədə xüsusi proqramlar həyata keçirə bilər.
Əslində ailə biznesi sosial sabitlik, regionların inkişafı və məşğulluq məsələsidir. Güclü ailə biznesi yeni iş yerləri yaradır, insanların öz doğma rayonlarında işləməsinə imkan verir və dövlətin sosial yükünü azaldır”.
Şəbnəm Mehdizadə
