Şirvan Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E.huquq.az-ın xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, A.Babayevin 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilib.
İttiham aktına əsasən, hadisə 2018-ci ililin noyabr ayının 11-də Kürdəmir rayonunda baş verib. A.Babayev kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində arvadı D.Babayeva ilə mübahisə edib.
Mübahisəyə səbəb isə onun qadının kafedə işləməsini qadağan etməsi olub.
Sərxoş vəziyyətində olan A.Babayev yaranmış mübahisə zamanı qadına mətbəx bıçağı ilə bir neçə dəfə zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Babayev barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
