Məzmuna keç

Azərbaycanın 1990-cı illəri bu gün Ermənistanda yaşanır –

“Ermənistanın hər zaman məkirli və çirkin olmağını, təxribatlar törətdiyini görmüşük. Bu gün biz Ermənistanın daxilində anarxiya vəziyyətinin yarandığını görürük. Sanki Azərbaycanın 1990-cı illəri bu gün Ermənistanda yaşanır. Klanlar davası, hakimiyyət çevrilişinə cəhdlər, vətəndaş qarşıdurması mövcuddur”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, bu sazişin imzalanması onu göstərir ki, Ermənistan kapitulyasiya olundu: "Azərbaycanın isə tam qələbəsi təmin olundu. Əlbəttə ki, bu qələbə çox da asan başa gəlmədi. Düşmən tərəfi çoxlu silah-sursat və istehkamlar qurmuşdu. Lakin Azərbaycanın Rəşadətli Ordusu Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bir tarix yazdı. Cəmi 44 gün ərzində 300-dən artıq yaşayış məntəqəsi azad olundu. Nəticədə Ermənistanı sülhə məcbur etdi".

C. Osmanov bildirib ki, imzalanan bəyanat Ermənistanın tamamilə ağ bayrağı qaldırıb təslim olması və Azərbaycanın tam qələbəsidir.

“Sazişin bəndlərinə baxanda açıq-aydın görürük ki, ilk növbədə 3 rayonumuz – Laçın, Ağdam və Kəlbəcər qan tökmədən, şəhid vermədən qısa müddət ərzində Azərbaycana qaytarılır və erməni silahlı qüvvələri oradan tamamilə çıxır. O cümlədən işğaldan təmizlədiyimiz ərazilər də Azərbaycanın nəzarəti altında qalır. Yerdə qalan hissəyə sülhməramlı qüvvələrin daxil olması ilə gələcəkdə oraya həm Azərbaycan, həm də erməni icmasını BMT-nin bu sahəyə baxan qurumu ilə birgə köçürülməsi planlaşdırılır. İstənilən halda bu saziş Azərbaycanın tam qələbəsi və onun ərazi bütövlüyünün tam bərpa olunmasıdır. Burada bir bəndi də xüsusi olaraq vurğulamalıyıq ki, Naxçıvanla Azərbaycan arasındakı quru yol təmin olunur. Bu, çox vacib bir məsələdir. Bunun da həmin sazişdə əksini tapması çox böyük uğurlardan biridir. Əlbəttə ki, harada erməni varsa, oradan təxribat gözləmək mümkündür. Biz buna hər an diqqətli və hazır olmalıyıq. Bütün bunlara baxmayaraq, mən inanmıram ki, bu saziş Ermənistan tərəfdən pozulsun. Çünki burada üçtərəfli saziş var. Eyni zamanda sülhməramlıların içində Rusiya və həmin sülhməramlıların monitorinq mərkəzində qardaş Türkiyənin nəzarəti var. Ona görə də düşünmürəm ki, düşmən artıq ağılsızlıq etsin. Çünki Azərbaycan tərəfi onun payını həm döyüş meydanında, həm də diplomatiyada çox uğurla verib”, – deyə deputat qeyd edib.

Sevgül Qasımzadə