Bu gün Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib:
“İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Türkiyə atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı mərkəzdə Rusiya ilə birlikdə iştirak edəcək. Atəşkəsə nəzarət üçün quracağımız ortaq türk-rus mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalandı. Bu mərkəz işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yaradılacaq. Atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən görüləcəkdir. Beləliklə, Dağlıq Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır".
Xəyalə Bünyatova
