Məzmuna keç

Bakıda atasını bıçaqlayan qadının məhkəməsi başlayıb

Bakıda atasını bıçaqlayan qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirli bilinən G.Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, istintaq dövründə G.Hüseynovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, İ.Hüseynovu qızı G.Hüseynova bıçaqlayıb. Şübhəli şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Bolis Bölməsi tərəfindən saxlanılıb. İstintaq dindirilməsi zamanı G.Hüseynova əməlini etiraf edib, bildirib ki, atasını vurmaq niyyəti olmayıb, ancaq buna vadar olub.

Məlumata görə, İ.Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. O, fevralın 20-də gecə saatlarında yenidən sərxoş vəziyyətdə evinə gəlib və ailəsinə qarşı amansızlıq edib. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

G.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.