“Bu müqavilənin münaqişəyə son qoyulacağını öncədən demək biraz çətindir. Hesab edirəm ki, Ermənistanın bu münaqişəyə birdəfəlik son qoyması üçün ona Rusiya tərəfindən kifayət qədər təzyiqlər olacaq. Əgər Ermənistan imzalanan üçtərəfli sazişi pozacaqsa, bu dəfə heç bir güzəşt olmayacaq".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimova deyib.
Onun sözlərinə görə, bu müharibədə qazanılan zəfər Azərbaycan xalqının tarixində misilsiz bayram və qəhrəmanlıq səhifəsidir: "Bildiyiniz kimi, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında doqquz maddədən ibarət saziş imzalandı. Bu, Ermənistan tərəfi üçün məğlubiyyət sazişi idi və düşmən öz məğlubiyyətini etiraf edirdi. Bununla da Azərbaycan xalqı möhtəşəm bir tarixi qeyd etdi. Bu, ölkəmizdə Vətən Müharibəsinin zəfəri idi. Müzəffər Ordumuz və Ali Baş Komandanımız 30 ildir həsrət qaldığımız torpaqlarımızı azad edərək, təcavüzkar Ermənistana və onu dəstəkləyən qüvvələrə layiqincə cavab verdi.”
Deputat bildirib ki, Ermənistan təcavüzkar dövlət kimi 200 ildən artıqdır ki, Azərbaycana və Türk xalqına qarşı məkirli siyasət və böhtan xarakterli təbliğat aparır: "Məlumdur ki, düşmən Azərbaycan xalqının və Türkiyənin dünyadakı imicinə ləkə salmaq üçün fəaliyyət göstərir. Təəssüflə qeyd edim ki, Ermənistanın bu işdə kifayət qədər havadarları da var".
İmzalanan müqaviləyə toxunan M. İbrahimqızı qeyd edib ki, Rusiya Ermənistanın bu sazişə riayət etməsinə məsuliyyət daşıyır: "“Çünki Ermənistan adından cavabdeh Rusiyadır. Rusiya bu prosesdə sazişə əməl edilməsi ilə bağlı zəmanət verən üçüncü tərəf olaraq iştirak etdi. Kasıb və rəzil vəziyyətdə olan Ermənistan təkcə xarici, daxili yox, həm də soial, iqtisadi və digər məsələlərdə Rusiyadan asılı olan bir ölkədir. O, Rusiyanın bir əyaləti kimidir. Ümumiyyətlə, Ermənistan tərəfi hər zaman götürdüyü öhdəliklərə xəyanət edib. Müharibə ərzində də dəfələrlə humanitar atəşkəs imzalandı, lakin beş dəqiqə sonra Ermənistan tərəfindən pozuldu. Buna görə də biz onlardan heç nə gözləmirik. Bu baxımdan hesab etmirəm ki, Ermənistan könüllü olaraq bu münaqişəyə birdəfəlik son qoysun. O, qondarma bir dövlətdir. Hər zaman təcavüzkarlıq və işğal yolu ilə nəyəsə nail olmaq istəyib. Düşmən təkcə ərazilərimizə yox, mədəniyyətimizə və bütün sahələrimizə qarşı təcavüzkarlıq siyasəti həyata keçirib".
M. İbrahimqızı vurğulayıb ki, imzalanan saziş birmənalı olaraq Azərbaycanın xeyrinədir: "Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatları ilə çoxtərəfli əməkdaşlığa malikdir. Dövlət başıçımız İlham Əliyev çox etibarlı əməkdaş sayılır və bütün müstəvilərdə öhdəlikləri yerinə yetirir. Möhtərəm Prezidentimizin bir sözü var: “Bizim sözümüz imzamız qədər keçərlidir”. Cənab İlham Əliyev bu müqaviləyə imza atıbsa, deməli, biz həmin sazişdə əksini tapmış müddəalara əməl edəcəyik. Artıq bunun əsasında Dağlıq Qarabağ ətrafındakı digər rayonlar işğaldan azad edilir. Bu imzalanmış sənəd bizim qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün çox gözəl hüquqi bazadır. Bunun özəlliyi həm də ondan ibarətdir ki, biz müharibə etmədən, itki vermədən öz torpaqlarımızı geri qaytaracağıq".
