Məzmuna keç

Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamının şikayətinə baxılıb

Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamının şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, R.Allahverdiyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.

Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.