Ali Məhkəmə “Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil, banklar üzrə ekspert, bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat yayıb.
O qeyd edib ki, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib:
"Ölkə tarixində bu ilk hadisədir. Ləğv Planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Nəhayət, Kreditorlar Komitəsinin sədri qismində son şikayətim təmin edildi. Artıq 2019-cu ilin ikinci yarısıdır, amma “Bank Standard”ın isə heç ötən il üzrə təsdiqlənmiş Ləğv Planı yoxdur. Ən əsası, Ali Məhkəmə qeyd edir ki, apellyasiya məhkəməsi “iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir”.
