Məzmuna keç

“Təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır” –

Xəbər verdiyimiz kimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov bu gün koronavirusdan vəfat edib.

E-huquq.az-ın məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov tanınmış vəkilin vəfatı ilə bağlı "Facebook" səhifəsində paylaşım edib. O, A.İsmayılovla sonuncu danışığı barədə yazıb və mərhumun ölümündən təəssüfləndiyini bildirib:

"Bu gün Adil müəllimi itirdik, bizim Adil İsmayılovu…

Adil müəllim qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq. Sonuncu dəfə təxminən 20 gün əvvəl Adil müəllimlə telefonla danışmışam. Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi. Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu bizim son danışığımızdır.

Adil müəllim 28 ildən çox idi ki, vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi. Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi ki, mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm. İzah edirdim ki, Adil müəllim, bu Sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa, verilən qiymətdir. Bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız.

Allah Sizə rəhmət eləsin, əziz Adil müəllim, bizim Adil İsmayılov! Məkanınız cənnət olsun! Allah bütün vəkillərimizə və yaxınlarınıza səbir versin!"