Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Rauf Murğuzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Murğuzovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri – 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
