Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.
Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra M.Qocayev hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, M.Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.
