"Bu gün sədrliyimin ildönümü ilə bağlı səslənən bütün təbriklərə görə hər birinizə minnətdaram. Hazırda bütün dünyada çox ağır dövr yaşanır, həmkarlarımız və digər vətəndaşlarımız Covid-19 virusu ilə mübarizə aparırlar, hər birinə Allahdan şəfa diləyirəm, gəlin onlar üçün dua edək. Öz növbəmdə 3 il əvvəl Vəkillər Kollegiyasının orqanlarına seçilən dəyərli həmkarlarımın hər birini ürəkdən təbrik edirəm və ölkə vəkilliyinin güclənməsinə, nüfuzunun artırılmasına və inkişafına yönəlmiş şərəfli fəaliyyətlərində uğurlar, yeni-yeni zəfərlər və müvəffəqiyyətlər arzulayıram".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.
O, VK sədrinin iki dəfədən artıq seçilməsi ilə bağlı qadağanın götürülməsinin əleyhinə olduğunu da qeyd edib: "Bir məsələyə dair isə təkrarən münasibət bildirmək istəyirəm. Vaxtaşırı olaraq VK sədrinin 2 dəfədən artıq seçilməsinə dair qanunda olan qadağanın götürülməsi barədə hörmətli həmkarlarımın təkliflərinə rast gəlirəm. Dəfələrlə bu haqda fikir bildirmişəm və bir daha bəyan edirəm ki, VK sədrinin 2 dəfədən artıq təkrarən seçilməsinə qadağanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 11-ci maddəsinin 2-ci bəndində qalmasının tərəfdarıyam, qanunun həmin müddəasının dəyişdirilməsinin qəti əleyhinəyəm. Həmin vəzifə üzrə əmək funksiyası vicdanla və şəffaf şəkildə icra edilən zaman keçirilən stressə, əsəbə, insan orqanizminin istismarına görə bir müddətin özünü belə çox olduğu qənayətindəyəm, səmimiyyətimə inanın".
