Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əliağazadə 6 il, R.Tarverdiyev 8 il və F.Qəfərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, üç nəfərdən ibarət dəstə üzvü Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.
Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib.
Şikayət əsasında üç nəfər – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini F.Qafarov və 1993 il təvəllüdlü, Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar.
Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.
Belə ki, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə R.Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan F.Qafarov oyuncaq silahla R.Rüstəmovu hədələyərək onun 219 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.
Cinayət işində A.Rüstəmovla yanaşı, onun atası Xəqani Rüstəmov və Şamama Qocayeva da zərərçəkmiş qismində tanınır.
