Məzmuna keç

“Belə bir xəritənin hazırlaması sülhməramlıların missiyasına uyğun deyil” –

"Sülhməramlıların oradakı vəzifəsi tam qərəzsiz və neytral mövqe sərgiləməkdir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Rusiya sülhməramlılarının əməliyyat zonasının yenilənmiş xəritəsinə münasibət bildirərkən deyib. N.Məhəməliyev bu cür addımların cəmiyyətdə sülhməramlılara qarşı inamsızlıq yaratdığını bildirib.

"O xəritənin hazırlanmasını doğru hesab etmirəm. Belə bir xəritənin hazırlaması Rusiya sülhməramlılarının missiyasına uyğun deyil. İstənilən yeni bir xəritənin hazırlanması və nümayiş olunması üçün Azərbaycanın beynəlxalq sənədlərlə təsdiq olunmuş ərazi bütövlüyünə istinad olunmalıdır. Belə bir xəritənin hazırlanması üçün Azərbaycanın müvafiq dövlət orqanları ilə razılaşdırılmalıdır.

Sülhməramıların vəzifəsi üçtərəfli bəyanatın monitorinq məsələlərini həyata keçirmək və dekabr ayının 1-nə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi ilə məşğul olmaqdır. Bəyannamənin bu müddəası əsasən icra olundu. Ağdam, Kəlbəcər, Laçın rayonlarından ermənilər çıxdılar. Ancaq son hadisələr, Hadrut meşələrində gizlənmiş erməni quldurlarının silahlı hücumları, dörd hərbçimizin şəhid olması və üç nəfərin yaralanması narahatedici məqamlardır. Rusiya sülhməramlıları onların zərərsizləşdirilməsi ilə bağlı tədbirlər görməlidir. Hesab edirəm ki, sülhməramlıların oradakı vəzifəsi tam qərəzsiz və neytral mövqe sərgiləməkdir. Əks halda təbii ki, Azərbaycan cəmiyyətində müəyyən inamsızlıqlar yaranır. Yaxşı olar ki, nizamlanma prosesinə mane olan, meşələrdə gizlənmiş təxribatçı erməni quldurları tezliklə tərksilah olunsun", – deyə deputat qeyd edib.

Sevgül Qasımzadə