Məzmuna keç

Anar Bağırov: “Bu il vəkillərin peşə bayramı bizim üçün xüsusi əhəmiyyət kəsb edir” –

“Bu il vəkillərin peşə bayramı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qələbə ilində bayramı qeyd etmək bizim üçün xoşdur. Bugünkü gündə Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bacı və qardaşlarımızın, şəhidlərimizin əziz xatirəsini yad etmək bizim borcumuzdur. Məhz 21 il öncə bu gün Ulu öndər Heydər Əliyev tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmışdı və beləliklə ölkədə müstəqil, demokratik, qeyri-dövlət, bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi vəkillər kollegiyası fəaliyyətə başladı".

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Vəkillər Kollegiyası dinamik inkişaf edir: "Son il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Pandemiya və karantin qaydalarına baxmayaraq, imtahanlar və qəbul davam edir. Yüzdən çox namizəd vəkilliyə qəbul olunub. Bu il ölkədə vəkillərin sayı 1844 nəfərə çatıb. Eyni zamanda xüsusi ilə qeyd etmək istəyirəm ki, ölkədə vəkil qurumlarının sayı da artıb və 100-ə çatıb. Demək olar ki, ölkəmizin bütün şəhər və rayonlarında vəkil qurumları fəaliyyət göstərir".

Sədr vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi dönəmində Vəkillər Kollegiyası ölkəmizin haqq işinə dəstək verməkdən ötrü var gücü ilə çalışıb: "Məlum olduğu kimi, Vəkillər Kollegiyası tərəfindən hüquqi və faktoloji əsaslar toplandı və bütün beynəlxalq təşkilatlara müraciətlər olundu, hesabatlar göndərildi. Bütün hesabatların əhəmiyyəti ondan ibarətdir ki, müstəqil təşkilat kimi Vəkillər Kollegiyası bunu hazırladı. Eyni zamanda şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə ümumiyyətlə, hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərimizin ailələrinə vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilir. Həmçinin mən bunu fərəh hissi ilə qeyd etmək istəyirəm, yeddi vəkilimiz hərbi əməliyyatlarda könüllü və səfərbərlik üzrə iştirak edib. Onlardan bir neçəsi Cənab Prezident tərəfindən təltif olunub. Hər biri təbii ki, bu əməliyyatlarda həm vəkilliyi təmsil ediblər, həm də vətənpərvər övladlar kimi, vətəndaşlar kimi igidlik nümayiş etdiriblər. Təbii ki, onların hər biri bizim üçün çox əziz və doğmadır. Vəkillər Kollegiyası da onların bu əməyini və xidmətini xüsusi qeyd edir".

A. Bağırov qeyd edib ki, bu gün Kollegiyanın qarşısında Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi çox şərəfli bir vəzifə durur: "Hesab edirəm ki, öz dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməlidir. Onların hüquqi yardıma çatımlığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək və illər boyu hüquqi yardıma çatımlılığı təmin olunmayan ərazilərimizdə də Vəkillər Kollegiyası öz fəaliyyətini göstərəcək. Məlum olduğu kimi, Qarabağda “Qarabağ vəkil bürosu” yaradılır. Bu büro Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün lazımi səyləri göstərək”.

Sevgül Qasımzadə