"Bu gün Azərbaycan vəkilliyinin fəaliyyətində vergilər və sosial ödənişlər digər sahələrlə müqayisədə xeyli yüksəkdir".
E-huquq.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov vəkillərin üzləşdiyi problemlər barədə Milli Məclisdə çıxış edərkən deyib.
O bildirib ki, bir müddət əvvəl bununla bağlı layihə qəbul olunsa da, həmin məbləğlər yenə də yüksək olaraq qalır: "Hesab edirəm ki, bu məsələ mütləq həllini tapmalıdır. Hökumət üzvlərindən bunu xahiş edirəm. Həmçinin pandemiya dövründə Azərbaycan vəkilliyi çox ciddi problemlərlə qarşılaşdı. İndi hökumət üzvləri deyə bilər ki, vəkillik fəaliyyətinə icazə verilən sahələrdən oldu. Lakin əgər məhkəmələrdə yalnız cinayət işlərinə baxılırsa, pandemiya ilə əlaqədar burada digər fəaliyyət dayanıbsa, eyni zamanda ictimai sektorda da fəaliyyət dayanıbsa, tam gücü ilə vəkillik fəaliyyətindən danışmaq olmaz".
B.Məhərrəmov Vəkillər Kollegiyasının vəkillərə dəstək üçün müəyyən addımlar atdığını diqqətə çatdırıb, lakin problemin həlli üçün bunun kifayət etmədiyini deyib. O, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin həcminin artırılmasını təklif edib.
"Çətin vəziyyətdə olan vəkillərimiz var. Düzdür, Vəkillər Kollegiyası bu məsələni daxili hesabına həll etməyə çalışır. Lakin daxili imkanlar da üzvlük haqqına hesablanır. Vəkillər Kollegiyası neçə aydır vəkillərdən üzvlük haqqı da almır. Bu mənada hesab edirəm ki, dövlət hesabına hüquqi yardım istiqamətində nəzərdə tutulan vəsaitin artırılmasına baxmaq olar. Cənab Prezident 2018-ci il Fərmanı ilə çox böyük inqilabi dəyişikliklər edərək həmin ödənişin həcmini 3 dəfə artırmışdı. Lakin bu gün pandemiya və digər təbii səbəblər həmin məbləğə bir daha baxılmasını şərtləndirir. Təbii ki, nəzərə alaq ki, bizi qarşıdan böyük hüquqi mübarizə gözləyir. Biz cəbhədə, cənab Prezidentin dili ilə desək, düşmənin belini qırdıq. İndi bizi hüquq müstəvisində mübarizə gözləyir. Ərazilərimizdəki vandalizm aktları, hüquq pozuntuları, beynəlxalq humanitar cinayətlər və sairlə bağlı çox sayda problemlərimiz var ki, hüquq müstəvisinə çıxarmalıyıq. Bu işdə təbii ki, Azərbaycanı bizim vəkillərimiz təmsil edəcək", – deyə deputat qeyd edib.
