Məzmuna keç

“Azərbaycanda peşəkar fəaliyyətinə görə heç bir vəkil təzyiq və təqiblə üzləşməyib” –

"Azərbaycanda peşəkar fəaliyyətinə görə heç bir vəkil təzyiq və təqiblə üzləşməyib. Əgər bu günə qədər hər hansı bir vəkil Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılıbsa, bu həmin vəkilin peşəkar fəaliyyətində yol verdiyi səhvlər, daha dəqiqi həmin vəkillərə öz hüquqlarını etibar etmiş şəxslərin qanuni və əsaslı şikayətləri əsasında baş verib".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O, son zamanlar bəzi xarici dairələrin Azərbaycan vəkilliyini qərəzli şəkildə hədəfə aldığını bildirib.

"Vəkil və müdafiə etdiyi şəxsin şəxsiyyəti yalnız peşəkar səviyyədə yanaşma tələb edir, vəkil ayrıseçkilik qoymadan hər kəsin hüququnu müdafiə edə bilər və bu məsələləri vəkilin şəxsiyyəti ilə eyniləşdirmək olmaz. Vəkillər Kollegiyası üçün də heç vaxt nəinki vəkilin müdafiə etdiyi, hətta vəkilin üzv olduğu siyasi dairə maraqlı olmayıb. Hər kəs seçimində azaddır, Kollegiya da bu prinsipə hörmətlə yanaşmağa borclu olduğunu gözəl anlayıraq elə bu cür də yanaşır. Ölkəmizdə heç bir vəkil barəsində məhz peşəkar fəaliyyətinə görə hər hansı hüquqi tədbir görülməyib. Düzdür, Azərbaycanda vəkillərin qarşılaşdıqları müəyyən problemlər var. Bu daha çox qanunvericilikdə mövcud olan bəzi köhnəlmiş yanaşmalarla bağlıdır. Xüsusən, pandemiya şəraitində bu problemlər daha aydın formada hiss edildi. Azərbaycan vəkilliyinin taleyindən narahatlıq keçirənlər yaxşı olar ki, bu kimi problemlərin həlli istiqamətində öz təcrübələrini, öz nümunələrini ortaya qoyaraq real bir işin qulpundan yapışsınlar, buyurub kömək etsinlər, əgər real məsələləri bir kənara qoyub siyasiləşdirməyə problem axtarırlarsa, başqa qapıya!" – deyə deputat qeyd edib.

B.Məhərrəmovun sözlərinə görə, bu kampaniya təkcə Azərbaycan vəkilliyinə deyil, eyni zamanda bütünlükdə ölkəmizin əlehinə yönələn düşünülmüş kampaniyadır: "Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətimizin ali məqsədi insan hüquq və azadlıqlarının və insanların layiqli həyat səviyyəsinin təmin olunmasıdır. Bu məqsədlərə nail olunmasında heç şübhəsiz, vəkillik əvəzsiz və mühüm rola malikdir. Vəkilsiz səmərəli hüquq və azadlıqların müdafiəsindən birmənalı şəkildə danışmaq olmaz. Bu mənada Azərbaycan vəkilliyinə edilən hücum Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini sarstımağa yönələrək, postmüharibə dövründə Azərbaycana qarşı aparılan kampaniyanın bir hissədir. Ona görə də vəkillərimiz başda olmaqla, hüquq ictimaiyyəti bu məsələdə mümkün qədər ayıq olmalı, mövqeyini ortaya qoyaraq Azərbaycan vəkilliyinin şantajçı qüvvələrin alətinə çevrilməsinə imkan verməməlidir".

Xəyalə Bünyatova