Bakı Apellyasiya Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin sabiq 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər keçmiş əməkdaşı Anar Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Xəlilli və A.Quliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.
Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin (DSX) Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.
Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.
Xəzər Rayon Məhkəməsinin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Xatırladaq ki, bu işdə adı keçən və DSX-nın əməkdaşları – L.Zeynalov və Z.Qasımlı barəsində istintaq ayrıca icraata götürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
