Məzmuna keç

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlardan danışıb

Bu günlərdə Konstitusiya Məhkəməsinin Plenumu öz 400-cü qərarını qəbul edib

"Bu günlərdə Konstitusiya Məhkəməsinin Plenumu öz 400-cü qərarını qəbul edib".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, keçən fəaliyyət ili ərzində Plenum tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilib:

"Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Qərarında Plenum belə nəticəyə gəlmişdir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır".

Onun sözlərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir: "Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi yardım almaq hüququ ilə bağlı qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu Qərarda vurğulanmışdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

Bakı Apellyasiya Məhkəməsinin digər bir müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir. Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qanunverici “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəasını Mülki Məcəllənin 2.5-ci maddəsində ifadə edərkən, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini tam istisna etməmişdir. Bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir".

F. Abdullayev qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsinin nəzərdə tutulmaması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir:

"Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir.
Adıçəkilən Qərarda Plenum belə nəticəyə gəlmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmçinin vurğulanmışdır ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir".