"İstintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək biz – vəkillərin hüququdur".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Sima Yaqubova deyib.
O bildirib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir.
"Həmin Məcəllədə göstərilir ki, məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir", – deyə vəkil qeyd edib
S.Yaqubova protokollarla bağlı müəyyən tələblərin qoyulmasının vəkillərin hüququ olduğunu deyib: "Özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək vəkillərin hüququdur".
