"Necə olur ki, sübutları araşdıran birinci instansiya və apelyasiya məhkəməsində mülki işlər üzrə biz dövlət hesabına hüquqi yardım göstərilməsini tələb etmirik. Məsələn, imkansız vətəndaş gedib birinci instansiya məhkəməsinə əsaslandırılmamış şikayət edir, eyni qaydada apelyasiya şikayəti üçün də yeni sübut tapa bilmir. Nəticədə uduzur, Ali Məhkəmədə isə vəkilin imkanı məhdudlaşır, çünki Ali Məhkəmə sübutlara baxmır. Burada problem yaranır".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Xural TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, vətəndaşların birinci instansiya məhkəməsindən başlayaraq, mülki və inzibati işlər üzrə də dövlət hesabına hüquqi yardım almaq hüquqları təmin olunmalıdır: "Bu, mütləq olmalıdır və biz bunda maraqlıyıq. Çünki vəkillər üçün də əlavə imkanlar yaradır, eyni zamanda vətəndaş məmnunluğu yaradır. Bu gün Ali Məhkəmədə vətəndaşın vəkili vasitəsilə kassasiya şikayəti verməsi məcburidir, ona görə ki, vəkil heç olmasa orada nöqsanları deyə bilsin. Çünki vətəndaşın aşağı instansiya məhkəmələrində vəkili olmayıb".
