Məzmuna keç

Cavid Osmanov: “Dünənki baxışlarla bugünkü idarəetmələr arasında çox böyük fərq var”

"Vətən müharibəsində qazandığımız qələbədən sonra yeni bir reallıq yaratdıq və artıq Azərbaycan bu reallığa uyğun olaraq, özünü daha da müasir və güclü bir ölkə kimi tanıtmalıdır".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına (AzTV) verdiyi müsahibəni şərh edərkən deyib.

"Cənab Prezident müsahibə zamanı bir sıra məsələlərə, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması məsələsinı toxundu. O, daha əvvəl də bildirmişdi ki, işğaldan azad olunan torpaqların yenidən qurulması və bərpasından sonra idarəetməni elə qurmaq lazımdır ki, tamamilə şəffaf, insanlar tərəfindən əlçatılan və yeni idarəetmə mexanizmi mövcud olsun. Həmin mexanizm ölkənin digər bölgələrini də əhatə etməlidir. Bu, əslində anons idi. Son müsahibəsində isə cənab Prezident bu anonsu daha sərt formada verdi. Düşünürəm ki, Vətən müharibəsindən sonra yeni bir reallıq yaratdıq və artıq Azərbaycanı bu reallığa uyğun olaraq, daha müasir və güclü bir ölkə kimi tanıtmalıyıq. Çünki biz artıq qalib bir ölkəyik və bizim torpaqlarımız işğaldan azad olunub. Bütün dünyanın Azərbaycana yanaşması müsbət mənada dəyişib. Bu baxımdan artıq ölkəmiz inkişaf etmiş ölkələrlə ayaqlaşmağa başlamalıdır”, – deyə deputat qeyd edib.

C.Osmanov Prezidentin bəzi məmurların fəaliyyətini tənqid etdiyini də diqqətə çatdırıb və bunun kadr islahatlarını növbəti anonsu kimi qiymətləndirdiyini deyib: "Cənab Prezident müsahibəsində eyni zamanda bəzi məmurları sərt tənqid etdi. O, 2018-ci ilin prezident seçkilərindən sonra kadr islahatları barədə anons vermişdi. Ötən müddət ərzində ölkədə digər sahələrlə yanaşı, kadr islahatlarının da aparıldığını görürük. Bu, təbii haldır. Ölkəmiz inkişaf edir və yeni baxışlara çox ciddi ehtiyac var. Artıq dünənki baxışlarla bugünkü idarəetmələr arasında çox böyük fərq var”.

Sevgül Qasımzadə