“Azərbaycanda vəkilliyə qəbul üçün tələb olunan iş stajı iki ilə endirilməlidir”.
Bunu e-huquq.az-a açıqlmasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, "Vəkillər və vəkillik haqqında" Qanunun 8-ci maddəsində müəyyən dəyişikliklərə ehtiyac var.
“Məlum olduğu kimi, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Həmçinin Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
Hesab edirəm ki, bu maddədə bir neçə məsələyə yanaşma əsaslı şəkildə dəyişdirilməlidir. Hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq müəyyən olunmuş iş stajının çox olduğunu düşünürəm. Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin, eyni zamanda hüquqşünasların sayının az olduğunu nəzərə alsaq, bu müddəti, ilkin mərhələdə iki ilə endirmək olar. Vəkillik kifayət qədər ciddi, həm də unikal statusa malik olan bir sahə olmaqla Konstitusiyamızın 12-ci maddəsində müəyyən olunmuş dövlətin ali məqsədlərinin realizəsində həlledici rola malik bir qurumdur. Bu mənada Vəkillik sferasında istənilən dəyişiklliyin mərhələli aparılmasının tərəfdarıyam. İlkin mərhələdə iki illik staj tələbi kifayətdir, daha sonra isə bu müddət hətta bir ilədək endirilməsi məsələsini hüquq cameəsinin müzakirəsinə buraxa bilərik”, – deyə B.Məhərrəmov qeyd edib.
Deputat hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilməsi məsələsinə də toxunub: “Əgər apelyasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər bu prosedurların heç birindən keçmədən vəkil ola bilirsə, statusca Apellyasiya instansiyasından daha yuxarı iyerarxiyada dayanan Ali Məhkəmənin hakimlərinə də bu hüquq tanınmalıdır. Həmçinin, Milli Məclisin hüquqşünas olan keçmiş deputatlarına da analoji hüququnun tanınması məsələsi üzərində düşünmək olar. Eyni zamanda, alimlik dərəcəsi olan şəxslərin Kollegiyaya imtahanın ilk mərhələsindən azad olunması məsələsi də nəzərdən keçirilməlidir.
B.Məhərrəmov Vəkillər Kollegiyası ilə bununla bağlı məsləhətləşmələr aparmaq niyyətində olduğunu, onların da fikrini öyrəndikdən sonra bununla bağlı qanun layihəsi hazırlayacağını deyib.
E-huquq.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da fikirlərini öyrənib. Kollegiya sədri vəkilliyə qəbul üçün tələb olunan stajın bir ilə endirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
“Bu gün vəkil olmaq istəyənlərin sayı çoxalmaqdadır. Lakin qanunda bununla bağlı müəyyən məhdudiyyətlər var. Bunlardan biri də vəkil olmaq üçün tələb olunan stajla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hələ də vəkillərin sayı azdır. Bu baxımdan, bir il staj müddəti məqsədəuyğundur”, – deyə o qeyd edib.
Xəyalə Bünyatova
